315 Arxiv
Xəbərlər

Geri

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir 20.02.2014 / Konfranslar, iclaslar

skmf-samux-20.02.2014-1Fevralın 20-də Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Samux rayonunun Lək kəndində keçirmişdir. Tədbirdə 80-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdə sahibkarlarla Samux rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir çörək zavodunun, istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edənlər Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, ölkənin digər bölgələrində olduğu kimi, Samuxda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, yeni iş yerlərinin açıldığını bildirmişlər.
skmf-samux-20.02.2014-2Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 511 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,1 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 1200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə isə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3664 investisiya layihəsinin maliyyələşdirilməsinə 134,5 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, süfrə sularının, spirtli içkilərin istehsalı, meyvə-tərəvəz, süd emalı, ət kəsimi və emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilmişdir. Verilmiş kreditlər 20 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 42 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış müasir quşçuluq fabrikinin fəaliyyətinə baxış keçirilmişdir.