255 Arxiv
Xəbərlər

Geri

İmişlidə sahibkarlara güzəştli kreditlər verilmişdir 07.02.2014 / Konfranslar, iclaslar

skmf-imishli-07.02.2014-1Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 7-də İmişli rayonunun Şahverdilər kəndində keçirmişdir. 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə İmişli rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzin, müasir çörək zavodunun və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, ölkənin digər bölgələrində olduğu kimi, İmişlidə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, yeni iş yerlərinin açıldığını bildirmişlər.
skmf-imishli-07.02.2014-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2014-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet istiqamətlər, güzəştli kreditlərin alınması üçün yaradılmış elektron idarəetmə sistemi və onun üstünlükləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 317 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 9,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 750-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bildirilmişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 322 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) ayrılmışdır. Bu kreditlərin reallaşdırılması 28 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 550 min manata yaxın güzəştli kreditlər verilmişdir. Bu layihələrin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində İmişli rayonunun Qaragüvənli kəndində güzəştli kredit ayrılmış damazlıq yumurta istehsal edən müasir quşçuluq fabrikinin fəaliyyətinə baxış keçirilmişdir.