228 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir 31.01.2014 / Konfranslar, iclaslar

skmf-bine-31.01.2014-1Yanvarın 31-də Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Binə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir. 60-a yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində sahibkarlarla Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, rayonda prioritet hesab olunan müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyət başçısının müavini Lalə Əhmədova və Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində, o cümlədən Xəzər rayonunda uğurlu infrastruktur layihələrinin həyata keçirildiyini, kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşdığını, abadlıq işlərinin geniş vüsət aldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini bildirmişlər.
skmf-bine-31.01.2014-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Fond tərəfindən görülmüş işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Dövlət Proqramının icrası dövründə 680 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 148,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər 5300-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Həmçinin, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir. Qeyd edilmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 277 sahibkara 9,3 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Şirzad Abdullayev "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" üzrə Fond tərəfindən həyata keçiriləcək tədbirlər barədə də məlumat vermişdir.
Binə qəsəbəsində keçirilən tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 12 sahibkarlıq subyektinə 3,1 milyon manat kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, logistik xidmət və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Binə qəsəbəsində ildə 9 min ton tərəvəz məhsulları istehsal edən və ildə 5,6 milyon şitil yetişdirilən müasir istixana komplekslərinin fəaliyyətinə baxış keçirilmişdir.