253 Arxiv
Xəbərlər

Geri

20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar anım mərasimi keçirilmişdir 16.01.2014 / Konfranslar, iclaslar

20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondunda və Bakı Biznes Tədris Mərkəzində şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov və digər əməkdaşlar çıxış edərək, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışlar. Qeyd edilmişdir ki, daim xalqının yanında olan xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlmiş, ağır günlərdə Azərbaycanın haqq səsini ilk dəfə Moskvadan ucaltmış, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etmiş, 20 Yanvar hadisəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Məhz Ümummilli Liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.
Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir. Bu gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, Qarabağ əlillərinin ailələri tam dövlət qayğısı ilə əhatə olunmuşdur.
Tədbirdə əsasən gənc əməkdaşların iştirakı nəzərə alınaraq 20 Yanvar hadisələri barədə geniş məlumat verilmiş, 1990-cı ilin 20 Yanvarının Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu vurğulanmışdır. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.