Geri
Yanvarın 10-da Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Biləsuvar rayonunda "Biləsuvar-Aqro" MMC-də regionlarda istehsalçı ilə emalçı arasında kooperasiya əlaqələrinin yaradılmasının təşviq edilməsi, fermerlərin dövlətin güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməklə ailə təsərrüfatlarının yaradılmasının stimullaşdırılması məqsədilə tədbir keçirilmişdir. Tədbirdə 80-dən çox fermer iştirak etmişdir.
Tədbir çərçivəsində 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihəsinin təqdimatı keçirilmişdir. Bu fermer təsərrüfatının Sahibkarlığa Kömək Milli Fondunun koordinasiyası və güzəştli kreditlərindən istifadə edilməsi ilə müvəkkil kredit təşkilatı, süd emalı zavodu və sahibkarın birgə kooperasiya əlaqəsi qurması nəticəsində yaradılması nəzərdə tutulur. Belə fermer təsərrüfatlarının yaradılması ilə ölkədə ət və süd istehsalının həcminin artmasına və keyfiyyətinin yaxşılaşmasına, istehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətlərinin yaranmasına, fermerlərin dövlətin dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməsinə, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, emal müəssisələrinin potensial gücü ilə işləməsinə, istehsal prosesində fasiləsizliyin təmin edilməsinə, ailə təsərrüfatlarının inkişafına, daxili bazarın yerli məhsullarla təmin olunmasına, kiçik sahibkarlığın maddi-texniki bazasının yaxşılaşmasına nail olunacaqdır.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Akif Kazımov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını qeyd etmiş, rayonda ailə fermer təsərrüfatlarının yaradılmasının əhəmiyyətini vurğulamışdır.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov ölkəmizdə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamışlar.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2013-cü ildə 4468 sahibkarlıq subyektinə 275 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan vermişdir. Bildirilmişdir ki, son illər Fondun vəsaitləri hesabına 16 müasir heyvandarlıq kompleksi maliyyələşdirilmişdir. Artıq 13450 başlıq 11 heyvandarlıq kompleksi fəaliyyətə başlamışdır. Bu komplekslər ildə 69 min ton süd, 1,7 min ton ət istehsal etmək gücünə malikdirlər.
Regionlarda istehsalçı ilə emalçı arasında kooperasiya əlaqələrinin yaradılmasının təşviq edilməsi istiqamətində tədbirlər 2014-cü il ərzində digər regionlarda da davam etdiriləcəkdir.