254 Arxiv
Xəbərlər

Geri

Xankəndindən olan sahibkarlara güzəştli kredit verilir 27.12.2013 / Konfranslar, iclaslar

skmf-xankendi-qachqinlari-27.12.2013-1Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir. Yeni qəsəbələrə köçürülmüş qaçqın və məcburi köçkün ailələrinə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmış və hər bir ailəyə əvəzsiz maliyyə yardımı göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Dekabrın 27-də Bakı Biznes Mərkəzində Xankəndindən olan 100-dən çox məcburi köçkün sahibkarla görüş keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Xankəndindən olan məcburi köçkün sahibkarların dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi barədə sahibkarların məlumatlandırılması və Xankəndi sahibkarlarına güzəştli kreditlərin alınmasında dəstək göstərilməsidir.
Tədbir çərçivəsində məcburi köçkün sahibkarlar üçün güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli çörək istehsalı müəssisəsinin, cins heyvandarlıq, narçılıq, üzümçülük, pambıqçılıq təsərrüfatlarının, toxuculuq müəssisəsinin və s. yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmışdır.
122 saylı Xankəndi seçki dairəsindən millət vəkili Flora Qasımova çıxış edərək məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
skmf-xankendi-qachqinlari-27.12.2013-2Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülmüş işlər, sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat vermiş, məcburi köçkünlər arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin məşğulluğun artırılmasında, yeni iş yerlərinin açılmasında əhəmiyyətini vurğulayaraq, bu sahədə onlara hər cür dəstək göstəriləcəyini qeyd etmişdir.
Güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək 1200-ə yaxın məcburi köçkün sahibkara 24 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırmışdır. Bu kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 4 iri investisiya layihəsinin maliyyələşdirilməsinə 14,3 milyon manat güzəştli kredit verilmişdir. Artıq bu müəssisələr istifadəyə verilmiş və orada işləyənlər məcburi köçkünlərdir. Sahibkarlığa Kömək Milli Fondu məcburi köçkün sahibkarlarla əlaqələrini daha da genişləndirəcək və güzəştli kreditlərin alınmasına dəstək tədbirlərini daha da gücləndirəcəkdir.
Tədbirdə Xankəndi sahibkarlarının təklifləri dinlənilmiş, ətraflı müzakirələr aparılmışdır.
Xankəndindən olan məcburi köçkün sahibkarlar onlara göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Digər işğal olunmuş rayonlardan olan məcburi köçkün sahibkarlarla da bu cür tədbirlər keçiriləcəkdir.