261 Arxiv
Xəbərlər

Geri

2013-cü ildə 4480-ə yaxın sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir 26.12.2013 / Konfranslar, iclaslar

skmf-sabunchu-26.12.2013-1Dekabrın 26-da Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu ilin sonuncu tədbiri keçirilmişdir. Tədbir çərçivəsində 21 sahibkarlıq subyektinə 1,4 milyon manat güzəştli kredit verilmişdir. Ayrılmış kreditlər əsasən, metal konstruksiya, çörək, un məmulatları istehsalı, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.
80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, sahibkarlara müasir corab istehsalı, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri və onun qəsəbələrində, o cümlədən Sabunçu rayonunda görülmüş işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat vermişlər.
skmf-sabunchu-26.12.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2013-cü il ərzində Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Fondun vəsaitləri hesabına bu il 4480-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 57 istehsal, emal və infrastruktur müəssisəsi 2013-cü ildə istifadəyə verilmişdir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 686 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 5300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Verilmiş kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilmişdir. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.
Tədbir çərçivəsində həmçinin, Bakıxanov qəsəbəsində güzəştli kredit verilmiş ildə 42 min ton çörək istehsal etmək qabiliyyətinə malik olan zavodun fəaliyyətinə baxış keçirilmişdir.