263 Arxiv
Xəbərlər

Geri

Quba-Xaçmaz iqtisadi rayonunda yeni istehsal və emal müəssisələri maliyyələşdiriləcək 20.12.2013 / Konfranslar, iclaslar

Dekabrın 20-də Xaçmaz şəhərində Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə keçirilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirdə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 58 sahibkara 833 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə isə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 111.5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər 9100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
270-ə yaxın sahibkarın iştirak etdiyi "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Fond tərəfindən Xaçmaz rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, süd və meyvə emalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuş, rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmışdır. Tədbirdə meyvə-tərəvəzin tədarükü, saxlanılması və satışı üzrə logistic mərkəzlərin sahibkarlığın inkişafında əhəmiyyəti vurğulanmışdır.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçinİbrahimov və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov Xaçmaz rayonunda görülən işlər və həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi üçün göstərilən dəstək mexanizmləri barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun internet saytında yaradılmış elektron idarəetmə sistemi barədə məlumat verərək, bu sistemin sahibkarların maarifləndirilməsi, hüquqi biliklərinin artırılması, güzəştli kreditlərə çıxış imkanlarının sadələşdirilməsi, onların investisiya layihələrinin və digər aidiyyəti sənədlərin müvəkkil kredit təşkilatlarına göndərilməsi, layihələrin maliyyələşdirilməsi prosesi barədə operativ məlumatların əldə edilməsində xüsusi əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində respublika üzrə sahibkarlıq subyektlərinin 4331 investisiya layihəsinin maliyyələşdirilməsinə 272.8 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 12 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Quba rayonunun Vəlvələ və Vladimirovka kəndlərində soyuducu anbar komplekslərinin fəaliyyətinə və həmin kəndlərin ərazisində salınmış intensiv meyvə bağlarına baxış keçirilmişdir.