267 Arxiv
Xəbərlər

Geri

Dövlətin güzəştli kreditləri hesabına Bakıətrafı qəsəbələrdə yeni sənaye müəssisələri yaradılır 29.10.2013 / Konfranslar, iclaslar

Oktyabrın 29-da Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir. Tədbir çərçivəsində 17 sahibkarlıq subyektinə 676 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, çörək istehsalı, tərəvəzçilik, heyvandarlıq, tikişçilik, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 50-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.
Tədbirdə iştirak edən sahibkarlarla Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, onlara müasir çörək zavodunun və kiçik həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilmişdir.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənov, İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri Zaur Qasımov və Sahib Məmmədov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri və onun qəsəbələrində, o cümlədən Xəzər rayonunda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3760 çox investisiya layihəsinin maliyyələşdirilməsinə 249 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 10700-ə yaxın iş yerinin yaradılmasına imkan verir. Diqqətə çatdırılmışdır ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 631 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər 5000-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.
Tədbir çərçivəsində həmçinin, Binə qəsəbəsində güzəştli kredit verilmiş istixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunun tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.