270 Arxiv
Xəbərlər

Geri

Sahibkarlara güzəştli kreditləri elektron qaydada əldə etmək imkanı yaradıldı 02.10.2013 / Konfranslar, iclaslar

Sahibkarlığa Kömək Milli Fondunun yeni layihəsinin və internet saytının
təqdimatı keçirilmişdir

 

skmf-bannerArtıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, güzəştli kredit əldə etmək istəyənlər müvəkkil kredit təşkilatlarına elektron müraciət edə biləcək, müraciətlərə qanunvericiliyə uyğun baxıldıqdan sonra müvafiq sənədlər elektron formada Sahibkarlığa Kömək Milli Fonduna təqdim ediləcək, həmçinin fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılacaq və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndəriləcəkdir. Beləliklə, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcəkdir. Sahibkarlar bu imkanı Fondun rəsmi internet saytına – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" vaxt itkisinin qarşısını almağa, izafi xərclərin aradan qaldırılmasına, bu sahədə sənəd dövriyyəsi prosesinin daha sürətli, təhlükəsiz və elektron formada həyata keçirilməsinə imkan verməklə yanaşı, sahibkara investisiya layihəsinin maliyyələşdirilməsi prosesinin bütün mərhələlərini izləməyə imkan yaradır. Bununla yanaşı, güzəştli kreditlərin uçotunun, təyinatı üzrə istifadə olunmasına dair monitorinqlərin aparılması ilə əlaqədar bütün sənədləşmələr də tam elektronlaşdırılmışdır.
Bu barədə oktyabrın 2-də sahibkarların və müvəkkil kredit təşkilatlarının iştirakı ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yaradılmış "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi"nin və Fondun yeni dizaynda tərtib edilmiş internet səhifəsinin təqdimatında məlumat verilib.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində davamlı inkişafa nail olunduğunu, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, güclü sahibkarlar sinfinin formalaşdığını vurğulamış, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri barədə danışmışdır. Bildirilmişdir ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən 8 istiqamətdə interaktiv, 10 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərindən olan sahibkarların investisiya layihələrinin güzəştli kreditləşdirilməsi barədə məlumat vermiş, 2013-cü ilin ötən dövrü ərzində Fond tərəfindən 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kreditin verildiyini qeyd etmişdir. Bu kreditlər 10200 yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Bildirilmişdir ki, güzəştli kreditlər ölkə iqtisadiyyatının prioritet sahələrində həyata keçirilən layihələrin icrasına yönəldilmişdir. Belə ki, bu ilin ötən dövründə verilmiş güzəştli kreditlərin 63,8%-i aqrar sahənin inkişafı, 36,2%-i isə sənaye məhsullarının istehsalı və emalı sahələrinə verilmişdir. Şirzad Abdullayev qeyd etmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təqdim edilən bu iki yeni layihə sahibkarlara dövlət dəstəyi istiqamətində atılmış növbəti addım olmaqla, biznesin daha səmərəli aparılmasına, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi prosesinə və güzəştli kreditlərə çıxış imkanlarının asanlaşmasına öz müsbət təsirini göstərəcəkdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondunun sektor müdiri Zaur Nəhmətov sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsində müasir informasiya texnologiyalarına əsaslanan yeni layihənin - "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi"nin və Sahibkarlığa Kömək Milli Fondunun yeni dizaynda tərtib edilmiş www.anfes.gov.az internet saytının təqdimatı ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Fondun saytı müasir dizaynda bütün təhlükəsizlik tələbləri nəzərə alınmaqla yenidən hazırlanmışdır. Saytda ölkənin iqtisadi və inzibati rayonları üzrə müəyyən edilən iqtisadiyyatın prioritet istiqamətlərinin və müvəkkil kredit təşkilatlarının filial şəbəkəsinin interaktiv xəritəsi, kredit kalkulyatoru, nümunəvi investisiya layihələri yerləşdirilmişdir. Bundan başqa, internet səhifəsində dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin hazırlanmasından güzəştli kreditləri əldə etməyə qədər bütün prosesləri həyata keçirməyə imkan yaradılmışdır.