İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
06.09.2013 / Konfranslar, iclaslar
2013-cü ilin ötən dövründə 3121 sahibkara 227,6 milyon manat güzəştli kredit verilmişdir

skmf-qazax-06.09.2013-1Sentyabrın 6-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qazax rayonunun Qazaxbəyli kəndində keçirmişdir. Tədbirdə 80-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Qazax şəhərində konserv zavodunun fəaliyyətinə baxış keçirilmişdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qazax rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının və xalçaçılıq müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Qazaxda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov çıxışlarında ölkədə sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Qazaxda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
skmf-qazax-06.09.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3121 investisiya layihəsinin maliyyələşdirilməsinə 227,6 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 9200-dən çox yeni iş yerinin yaradılacağını qeyd etmişdir. Bildirilmişdir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 123,3 milyon manat güzəştli kredit verilmişdir.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 59 sahibkara 788 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.