İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
30.08.2013 / Konfranslar, iclaslar
Binəqədidə keçirilmiş tədbir çərçivəsində sahibkarlara 657 min manat güzəştli kredit verilmişdir

skmf-bineqedi-30.08.2013-1Avqustun 30-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir. Tədbir çərçivəsində 32 sahibkarlıq subyektinə 657 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlarla Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdə çıxış edənlər - Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri, şəhərətrafı kənd və qəsəbələrdə, o cümlədən Binəqədi rayonunda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə görüləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat vermişlər.
skmf-bineqedi-30.08.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 594 investisiya layihəsinin maliyyələşdirilməsinə 139,4 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 49 layihənin maliyyələşdirilməsinə 131,6 milyon manat, digər sahələrin inkişafı ilə bağlı 8 layihənin maliyyələşdirilməsinə 1,2 milyon manat, kiçik həcmli 537 layihənin maliyyələşdirilməsinə isə 6,6 milyon manat güzəştli kreditlər verilmişdir. Verilmiş güzəştli kreditlər 4750-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Şirzad Abdullayev 2013-cü ildə Fond tərəfindən həyata keçiriləcək layihələr, eləcə də sahibkarları maraqlandıran digər sualları cavablandırmışdır.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində illik istehsal gücü 16,9 min ton olan çörək zavodunun fəaliyyətinə də baxış keçirilmişdir.