İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
22.08.2013 / Konfranslar, iclaslar
Şamaxıda sahibkarlara güzəştli kreditlər verilmişdir

skmf-shamaxi-22.08.2013-1Avqustun 22-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şamaxı rayonunun Həmyəli kəndində keçirmişdir. Tədbirdə 100-dən çox sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl rayonun Çarhan kəndində müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə və 60 hektar ərazidə salınan yeni üzüm bağına baxış keçirilmişdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Şamaxıda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
skmf-shamaxi-22.08.2013-2İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev çıxışında ölkədə sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2871 investisiya layihəsinin maliyyələşdirilməsinə 216.8 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 8700-ə yaxın yeni iş yerinin yaradılacağını qeyd etmişdir. Bildirilmişdir ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 980-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 33 milyon manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 4200-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 57 sahibkara 688 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən heyvandarlıq, arıçılıq, quşçuluq, üzümçülük, yun emalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşması 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.