İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
13.09.2022 / Görüşlər
BMT-nin ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Banklar Assosiasiyası, BMT-nin Ətraf Mühit Proqramı və Türkiyənin Yapı Kredi Bankının təşkilatçılığı ilə görüş keçirilib. Görüşdə qeyd edilən qurumların nümayəndələri ilə yanaşı, Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının təmsilçiləri də iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd məsuliyyətli bank işi və investisiya prinsipləri, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fikir mübadiləsinin aparılması və bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda fəaliyyət göstərən banklarda tətbiqi imkanlarının müzakirəsi olub.

Görüşdə BMT-nin Ətraf Mühit Proqramının maliyyə təşəbbüsü prinsipləri ilə bağlı təqdimat həyata keçirilib və həmin prinsiplərin kommersiya banklarının əməliyyatlarına inteqrasiyası ilə bağlı fikirlər səsləndirilib. Yapı Kredi Bankın müvafiq sahədə təcrübəsi dinlənilib, eləcə də beynəlxalq praktikada istifadə edilən alətlərin tətbiqi imkanları müzakirə olunub.

Tədbir zamanı banklar BMT-nin ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi mərhələləri ilə bağlı məlumatlandırılıb.

Görüş iştirakçıları məsuliyyətli bank prinsiplərinin tətbiqi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.