İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
14.09.2021 / Görüşlər
“Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası tərəfindən yerli sahibkarlar üçün “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçirilib.

Təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat verilib, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı təqdimat edilib.

Tədbir zamanı Sahibkarlığın İnkişafı Fondu tərəfindən korporativ istiqrazların güzəştli şərtlərlə alışına dair Fond tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Korporativ istiqraza yatırım mexanizminin əsas təfərrüatları vurğulanıb, istiqrazların kapital xərclərinin azaldılması, maliyyə mənbələrinin genişləndirilməsində rolu və sahibkarlar üçün təqdim etdiyi digər üstünlüklər qeyd edilib.

Bakı Fond Birjası və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində sahibkarlar arasında maliyyə savadlılığının artırılması istiqamətində Sahibkarlığın İnkişafı Fondu tərəfindən gələcəkdə də birgə tədbirlərin həyata keçirilməsi planlaşdırılır.