İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
15.10.2019 / Konfranslar, iclaslar
Sabunçuda sahibkarlarla işgüzar forum keçirilib

Oktyabrın 11-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Sabunçu rayonunda işgüzar forum keçirilib.

100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq  təşkil edilib, sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib. Tədbir çərçivəsində həmçinin, Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, badam bağının, istixana və zeytunçuluq təsərrüfatlarının, ixtisaslaşdırılımış “yaşıl market”in, dekorativ daş və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının ölkəmizin sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafına dövlət dəstəyi tədbirləri barədə məlumat verən Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə Sabunçu rayonunda indiyədək 376 investisiya layihəsinin maliyyələşməsinə 37,7 milyon manat güzəştli kredit verilib.

Nazir müavini maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək Bakı şəhəri və qəsəbələrində 8000-dək sahibkarın iştirakı ilə 70-ə yaxın işgüzar forum və maarifləndirmə tədbirləri keçirilib və bu gün təşkil edilən işgüzar forum da sahibkarların maarifləndirilməsi məqsədini daşıyır.

Tədbirdə sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılması, startapların dəstəklənməsi üçün Fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulanıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edilib.

Forum çərçivəsində Sabunçu rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə istehsal sahəsi genişləndirilən çörək zavoduna baxış keçirilib.

Qeyd: İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə indiyədək ölkə üzrə 30 çörək və un məmulatları istehsalı müəssisəsinə 54.4 mln. manat məbləğində güzəştli kredit ayrılıb.