İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
04.10.2019 / Konfranslar, iclaslar
Qaradağda sahibkarlarla görüş keçirilib

Oktyabrın 4-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə  Qaradağ rayonunda sahibkarlarla işgüzar forum keçirilib.  

Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq  təşkil edilib, Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tikiş, ət kəsimi, dekorativ daş və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının ölkəmizin sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafına dövlət dəstəyi tədbirləri barədə məlumat verən Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlərı diqqətə çatdırıb.

Tədbirdə sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılması, startapların dəstəklənməsi üçün Fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyi vurğulanıb, sahibkarlar bu imkanlardan yararlanmağa dəvət edilib.

İşgüzar forumda sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Forum çərçivəsində Qaradağ rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə tikilməkdə olan logistika mərkəzinə baxış keçirilib.