İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
02.10.2019 / Konfranslar, iclaslar
Saatlıda sahibkarlarla işgüzar forum keçirilib

Bu ilin ötən dövründə sahibkarlara 130 milyon manatadək güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində növbəti işgüzar forumu oktyabrın 2-də Saatlı rayonunda təşkil edib.

Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq, Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, intensiv bağçılıq təsərrüfatlarının, meyvə emalı müəsssisəsinin, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının uğurlu siyasəti nəticəsində iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının genişləndiyini vurğulayıb. Nazir müavini qeyd edib ki, özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu dəstək tədbirlərindən biri də sahibkarların dövlətin güzəştli kreditləri ilə təminatıdır. Məlumat verilib ki, bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 130 milyon manatadək güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

İşgüzar forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatına və pambıq emalı müəssisəsinə baxış keçirilib.