EDF.GOV.AZ | Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞIN İNKİŞAFI FONDU

Startap layihələrinin dəstəklənməsi tədbirləri davam etdirilir

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ekspertlərin və startapçıların iştirakı ilə startap layihələrinin dəstəklənməsi və startaplarla biznes inkubatorlar, müxtəlif dövlət qurumları, o cümlədən ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlığın təşkili ilə bağlı tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Elxan Quluyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olan sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar, startap layihələrinin dəstəklənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Vurğulanıb ki, sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən istifadə Qaydası təsdiq edilib, güzəştli kreditlərin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Artıq yeni qaydalara uyğun olaraq müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 17 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində 926 investisiya layihəsinin maliyyələşdirilməsinə 129 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 8000-dək yeni iş yerinin açılması imkanı yaranıb. Tədbirdə dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında “Startap layihələrinin dəstəklənməsi” bəndinin icrası ilə bağlı Fond tərəfindən görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Fond tərəfindən Qax, İsmayıllı, Qusar, Ağstafa və Xəzər rayonlarında təşkil edilmiş işgüzar forumlarda startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı investisiya təkliflərinin qəbulu üzrə təqdimatlar keçirilib, KİV-də müvafiq elanlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun vəzifəsini icra edən Azər Bayramov təmsil etdiyi qurum tərəfindən qrant vəsaiti hesabına maliyyələşdirilmiş startap layihələri barədə danışıb, innovativ startap layihələrinin dəstəklənməsi məqsədilə 2018-ci ilin 9 ayı ərzində Fondun elan etdiyi qrant müsabiqəsi çərçivəsində 5 layihəyə 85 000 manat ayrıldığını bildirib.

Bakı Mühəndislik Universiteti Texnoparkının sədr müavini İsa Qasımov startap layihələrinin dəstəklənməsi ilə bağlı həyata keçirilmiş layihələr, o cümlədən “Yeni Fikir” müsabiqəsi və müsabiqə şərtləri barədə məlumat verib, startapların dəstəklənməsi istiqamətində Texnoparkla İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və digər qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Tədbir çərçivəsində startapçıların layihələrinin dəstəklənməsi, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.