İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
22.11.2013 / Konfranslar, iclaslar
2013-cü ilin ötən dövründə 4023 sahibkara 265,3 milyon manat güzəştli kredit verilmişdir

skmf-tovuz-22.11.2013-1Noyabrın 22-də Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Tovuz rayonunun Qovlar şəhərində keçirmişdir. 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə 51 sahibkara 714,2 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 80-dən çox iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində Tovuz rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik həcmli çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov Tovuzda görülən işlər, dövlət proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlər və onların icra vəziyyəti , o cümlədən rayonun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
skmf-tovuz-22.11.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4023 investisiya layihəsinin maliyyələşdirilməsinə 265,3 milyon manat güzəştli kredit verildiyini bildirmiş, bu layihələrin reallaşmasının 11 mindən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3480-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 131,7 milyon manat güzəştli kreditlər verilmiş, bu kreditlər hesabına 19 mindən çox yeni iş yeri açılmışdır. Bununla belə, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir. Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin sonunadək 275 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində Tovuzda dövlətin güzəştli krediti ayrılmış soyuducu anbar kompleksinin fəaliyyətinə və üzümçülük təsərrüfatına baxış keçirilmişdir.