İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
XƏBƏRLƏR
27.09.2013 / Konfranslar, iclaslar
Suraxanıda sahibkarlara 5 milyon manatdan çox güzəştli kreditlər verilmişdir

skmf-yeni-suraxani-27.09.2013-1Sentyabrın 27-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilmiş tədbirdə 27 sahibkarlıq subyektinə 5 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.
Tədbirdə iştirak edən sahibkarlarla Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, müasir çörək zavodunun, quş kəsimi fabrikinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və digər metodiki materiallar onlara təqdim edilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri, şəhərətrafı kənd və qəsəbələrdə, o cümlədən Suraxanıda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat vermişlər.
skmf-yeni-suraxani-27.09.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 245 mln. manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 10 mindən çox iş yerinin yaradılmasına imkan verir. Diqqətə çatdırılmışdır ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 621 investisiya layihəsinin maliyyələşdirilməsinə 144,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər 5000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilmiş metalkonstruksiya zavodunun fəaliyyətinə, Qaraçuxur qəsəbəsində transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal edən zavodda və Binə qəsəbəsində qida sənayesi avadanlıqları və istixana konstruksiyaları istehsal edəcək zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.