İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
ƏN ÇOX VERİLƏN SUALLAR

 

 

  1. Güzəştli kreditləri əldə etmək etmək üçün sahibkar hara müraciət etməlidir? Sahibkarlığın İnkişafı Fonduna və ya müvəkkil kredit təşkilatının baş ofisinə gəlmək mütləqdirmi?

 

Cavab: “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri rəsmi qaydada aidiyyəti sənədləri təqdim etməklə yalnız müvəkkil kredit təşkilatlarının baş ofisinə və ya filiallarına müraciət edə bilərlər.

 

  1. Sahibkarlıq subyektlərinin Fondun vəsaitlərindən istifadə ilə bağlı müraciətlərinə müvəkkil kredit təşkilatları tərəfindən hansı müddət ərzində baxılır?

 

Cavab: Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. 

 

  1. Sahibkarlığın İnkişafı Fonduna müvəkkil kredit təşkilatları tərəfindən qiymətləndirilmək üçün təqdim olunmuş layihələrə hansı müddətdə baxılır?

 

Cavab: Fond 10 (on) iş günü müddətində Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

 

  1. Müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərildikdən sonra kredit vəsaiti hansı müddət ərzində sahibkarlıq subyektinin hesabına köçürülür?

 

Cavab: Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 (beş) iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək, Fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir. 

 

  1. Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaitlərinin hədləri nə qədərdir?

 

Cavab: Kiçikhəcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; ortahəcmli kreditlər: 50.001 manatdan 1.000.000 manatadək; böyükhəcmli kreditlər: 1.000.001 manatdan 10.000.000 manatadək.

 

  1. Sahibkarlığın İnkişafı Fondunun kreditləri hansı müddətə verilir?

 

Cavab: Kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək; ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək; böyükhəcmli kreditlər üçün -10 (on) ilədək.

 

  1. Avadanlıq kreditini necə əldə etmək olar?

 

Cavab: Avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə Fondun güzəştli kreditləri bu Qaydaya uyğun olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməklə əldə edilir.

 

  1. Avadanlıq krediti hansı şərtlərlə verilir:

 

Cavab:

  • kredit 5 000 manatdan az, 3 000 000 manatdan çox olmamalı;
  • kreditin müddəti 5 (beş) ildən çox olmamalı;
  • Fondun illik faiz dərəcəsi 2 (iki) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 7 (yeddi) faizdən artıq olmamaq şərtilə, ümumilikdə kreditin illik faiz dərəcəsi 9 (doqquz) faizdən artıq olmamalı;
  • güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 (on iki) aydan çox olmamalı;
  • kreditlərin təminatı kimi alınan avadanlıqlar müvəkkil kredit təşkilatının xeyrinə yüklü edilməli və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməli;
  • kreditlər yalnız yeni avadanlıqların alınması üçün verilməli;
  • sahibkarlıq subyekti avadanlığın qiymətləndirilməsi nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi (yerli istehsal məhsulu olan avadanlıqlar üçün isə 10 faizi) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş etməli;
  • kredit vəsaiti sahibkarlıq subyektinin ilkin ödəniş məbləği ilə birlikdə satıcının bank hesabına köçürülməlidir.
  • sahibkarlıq subyekti ilə satıcı arasında avadanlıqların alınmasına dair bağlanılmış müqavilənin şərtlərindən asılı olaraq, kredit tam və ya mərhələli şəkildə ayrılır.

 

  1. Sahibkarlığın İnkişafı Fondunun kreditlərinə tətbiq edilən illik faiz dərəcələri nə qədərdir?

 

Cavab: Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

 

  1. Verilmiş kreditlərlər üzrə ödənişlər necə həyata keçirilir?

 

Cavab: Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir.

 

  1. Sahibkarlığın İnkişafı Fondunun kreditlərinə tətbiq edilən güzəşt müddəti nə qədərdir?

 

Cavab: Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər.

 

  1. Sahibkarlığın İnkişafı Fondu vəsaitləri hesabına sahibkarlıq subyektinə ayrılmış kredit vəsaitinin təyintaı üzrə nəzarət necə həyata keçirilir?

 

Cavab: Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun güzəştli kredit vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir. 

 

  1. Bu krediti əldə etmək üçün girov tələb olunurmu?

 

Cavab:Müvəkkil kredit təşkilatları güzəştli kredit vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirdiklərindən kreditin risklilik dərəcəsini azaltmaq məqsədilə sahibkarlıq subyektindən girov tələb edə bilər. Kreditin təminatı kimi sahibkarlıq subyektinin təklif etdiyi əmlakın və digər təminat formalarının girov götürülməsinin mümkünlüyü müvəkkil kredit təşkilatları tərəfindən müəyyənləşdirilir.

 

  1. Ödəmə müddətinin uzadılması mümkündürmü?

 

Cavab: Qaydanın 3.6. bəndinə əsasən təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və digər qarşısıalınmaz qüvvə (fors-major hadisə) ilə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən Müşahidə Şurasının müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.

 

  1. İqtisadiyyatın hansı sahəsi ilə məşğul olan sahibkar bu krediti əldə edə bilər?

 

Cavab: “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş Prioritet istiqamətlərdə nəzərdə tutulan sahələr üzrə güzəştli kredit əldə etmək mümkündür.