İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi

2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilmişdir. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynamaqdadır.

Həm xarici investorlar, həm də yerli istehsalçılar istər Azərbaycanda iş qurmaq üçün, istərsə də xarici bazarlara çıxış üçün AZPROMO-nun təklif etdiyi hüquqi məsləhətlərdən bəhrələnə bilərlər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun bu və ya digər məsələlər üzrə əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

  • ölkənin investisiya imicinin formalaşdırılması;
  • yerli və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi;
  • investorların cəlb edilməsi və onlarla danışıqların aparılması;
  • investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması;
  • Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması;
  • ixraca yönəlmiş şirkətlər üçün məsləhət xidmətləri və bazar araşdırmaları;
  • "Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun fəaliyyəti haqqında daha ətraflı məlumatı Fondun www.azpromo.az internet səhifəsindən əldə edə bilərsiniz.

İxraca Dəstək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.

Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir.

İxrac missiyalarının təşkili

İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Səfər olunan ölkələr və səfərlərin tarixi qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur.

6 gün davam edən bir səfərdə maksimum 30 ixracatçı iştirak edir və hər ixracatçı yalnız 1 nümayəndə ilə təmsil olunur.

Səfər ilə bağlı təşkilatı işlər (mehmanxana, nəqliyyat, işgüzar görüşlər üçün məkanın və avadanlıqların icarəsi, tərcümə xidmətləri) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

Hər növbəti ixrac missiyasına ərizə qəbulunun başlanması ilə bağlı elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası missiyada iştirak edəcək ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının məhsul üzrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər missiyada iştirak etmək hüququ qazanırlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

 

Alıcı missiyalarının təşkili

Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirir.
Hər alıcı missiyasının müddəti 6 (altı) gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 (on) nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.

Təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən (iyirmidən) çox ola bilməz.

Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin edilir.

Alıcı missiyasında iştirak edəcək xarici şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara uyğun olaraq müəyyən edilir.

Bazar araşdırmasına dəstək

Bazar araşdırması qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının tədqiq olunaraq genişləndirilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bazar araşdırması İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş hədəf bazarlara uyğun olaraq ixracatçıların sifarişləri əsasında müsabiqə nəticəsində seçilmiş ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.

1 bazar araşdırmasına görə maksimum 30 000 AZN dövlət büdcəsi hesabına ödənilir.

Dəstək tədbirindən yararlanmaq istəyən ixracatçıların seçimi ilə bağlı müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! Hədəf bazarlar müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası müraciətlərin qiymətləndirilməsi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • Müraciətin hədəf bazarlara aid olması;
  • İxracatçının məhsul üzrə istehsal potensialı;
  • İxracatçının məhsul üzrə ixrac potensialı;
  • Araşdırmanın daha öncə bu dəstək tədbiri çərçivəsində həyata keçirilməməsi və aktuallığını itirməməsi;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Növbəti ildə ixracatçıların iştirakı nəzərdə tutulan sərgi və yarmarkaların siyahısı və iştirakçıların maksimum sayı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və hər il 1 may tarixindən gec olmayaraq elan edilir.

1 il ərzində cəmi 10 beynəlxalq sərgi və yarmarkada vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur.

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı təşkilatı işlər (sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsi, stendin dizaynı, hazırlanması və quraşdırılması, məhsulların daşınması) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası missiyada iştirak edəcək ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak

Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Növbəti ildə ixracatçıların iştirakı nəzərdə tutulan sərgi və yarmarkaların siyahısı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və hər il 1 may tarixindən gec olmayaraq elan edilir.

Bu dəstək tədbiri son 6 ay ərzində sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsinə, stendin dizaynı, hazırlanması və quraşdırılmasına, məhsulların daşınmasına çəkilən xərcləri əhatə edir və ödənilən məbləğ çəkilən xərclərin 50%-ni (maksimum 10000 AZN) təşkil edir.

Dəstək məbləğini əldə etmək məqsədilə ixracatçı ilk növbədə beynəlxalq sərgi və yarmarkada fərdi qaydada iştirak edəcəyinə dair müvafiq ərizə ilə müraciət etməlidir.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

  • ərizəçi hüquqi şəxs olduqda: adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü;
  • ərizəçi fiziki şəxs olduqda: adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, verilmə tarixi və sənədi verən təşkilat, ünvan), fəaliyyət növü;
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN;
  • sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü;
  • iştirak nəzərdə tutulan sərgi və yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası;

İqtisadiyyat Nazirliyi tərəfindən iştiraka dair qərarın qəbul edilməsi aşağıdakı meyarlar üzrə dəyərləndirilir:

  • müraciətdə göstərilən sərgi və yarmarkanın təsdiqlənmiş siyahıda olması;
  • nümayiş olunan məhsulun sərgi və yarmarkada nümayiş olunan məhsullar kateqoriyasına uyğunluğu;

Ərizəyə 10 iş günü müddətində baxılır, aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 2 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırılandan sonra ərizəyə baxış dama etdirilir və iştiraka dair qərar qəbul olunur.

Müsbət qərar almış ərizəçilər ilkin ərizədə qeyd etdikləri beynəlxalq sərgi və yarmarkada iştirak etdikdən sonra 30 iş günü müddətində dəstək məbləğini almaq üçün yenidən müvafiq ərizə ilə müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • görülmüş iş, göstərilmiş xidmət və ya icarə haqqını təsdiq edən sənədin (invoys, hesab-faktura) əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
  • müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
  • vəsaitin ödənilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
  • iştirakla bağlı yazılı, foto və ya video hesabat;
  • “İnzibati İcraat Haqqında” Qanuna əsasən ərizə və sənədlərə 30 iş günü müddətində baxılır. Aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ilk 5 iş günü ərzində ərizəçiyə məlumat verilir. Ərizəçi bu çatışmazlıqları növbəti 10 iş günü ərzində aradan qaldırılır və sonra sənədlərə baxış yenidən davam etdirilir.

Dəstək məbləğinin ödənilməsi ilə bağlı müsbət qərar qəbul edildiyi təqdirdə 20 iş günü ərzində vəsait milli valyutada müraciət edən şəxsin bank hesabına köçürülür.

Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.

 

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi yerli qeyri-neft məhsullarının vahid ad altında xarici ölkələrdə təqdim edilməsi və geniş miqyasda tanıdılması məqsədilə təşkil olunan dəstək tədbiridir.

Dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviq edilməsi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir. Qeyd olunan hüquqi şəxslərin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd olunan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı çəkilən xərclər onların təqdim etdiyi sənədlər əsasında 20 iş günü müddətində ödənilir.

Hüquqi şəxslərin xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə məhsulları təbliğ olunacaq ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! “Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkə, hüquqi şəxsin müvafiq xarici filial və nümayəndəliyinin adı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən “Duty Free”lərdə “Made in Azerbaijan” rəflərinin təşkili

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və “Duty Free”lərdə “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan mağazaların və “Duty Free”lərin, həmçinin həmin rəflərdə yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilərək elan edilir.

Bu dəstək tədbiri çərçivəsində yerlərin icarəsi və idarə olunması, məhsulların daşınması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün xərclər dövlət büdcəsi hesabına ödənilir.

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalar və “Duty Free”lər aşağıdakı meyarlar üzrə müəyyənləşdirilirlər:

  • müvafiq ölkəyə Azərbaycan məhsullarının ixrac potensialı;
  • mağazanın istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması;
  • “Duty Free”lərin fəaliyyət göstərdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımından əhəmiyyəti;

1 təqvim ili ərzində “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan mağazaların və “Duty Free”lərin sayı 2-dən artıq ola bilməz.

Rəflərdə məhsulları yerləşdiriləcək ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! Mağazaların, “Duty Free”lərin və məhsulların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

 

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də təbliğat

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də “Made in Azerbaijan” brendinin təbliği yerli qeyri-neft məhsullarının vahid ad altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bu dəstək tədbiri çərçivəsində ödənilən dəstək məbləğinə reklam kampaniyalarının aparılması ilə bağlı xərclər daxildir.

“Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və KİV qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı meyarlar əsasında müəyyən edilir:

reklam yerləşdiriləcək ictimai yerlərin əhalinin və nəqliyyat axınlarının sıx olduğu yerlərə aid olması;

KİV-lərin izləyici və oxucu kütləsinin genişliyi;

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də məhsulları təbliğ olunacaq ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! “Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər, KİV-in adı, təbliğat növü, reklam olunacaq məhsulların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • ixracatçının məhsul üzrə istehsal potensialı;
  • ixracatçının hədəf ölkəyə və ya ölkələrə ixrac potensialı;
  • ixrac təcrübəsinin olub-olmaması;

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

 

“Beynəlxalq sertifikat”ın alınması

Xarici ölkələrdə Azərbaycan mənşəli qeyri-neft məhsulları üçün beynəlxalq sertifikatın alınmasına dövlət büdcəsi hesabına dəstək məbləğinin ödənilməsi yerli məhsullarının “Made in Azerbaijan” brendi altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirirlər. Beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 (əlli) faizini (60 000 (altmış min) manatdan artıq olmamaqla) təşkil edir.

Bu dəstək tədbirindən yararlanmaq istəyən ixracatçılar müsabiqə əsasında seçilir və hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elanverilir və müraciət edilməsi üçün ən azı 60 (altmış) günlük müddət müəyyən olunur.

Nəzərdə tutulmuş dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər.

Qeyd! Nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını Nazirlik müəyyən edir və özünün rəsmi internet saytında yerləşdirir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

  • sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı;
  • sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə)

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq Nazirliyə təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri Nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 (bir) il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.

Aşağıdakı sənədlər iddiaçı tərəfindən müsabiqənin təşkilatçısına şəxsən göstərilən müvafiq ünvana təqdim edilir:

  • yazılı formada tərtib olunmuş Ərizə;
  • “Dəstək tədbirində iştirakla bağlı Şərtlər”;
  • ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla);
  • iddiaçının son birillik dövriyyəsi və vergi borcu barədə vergi orqanından alınmış arayış (və ya arayışlar);
  • iddiaçının bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
  • ərizə və ona əlavə olunan sənədlər iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verildikdə, onun müvafiq səlahiyyətini təsdiq edən sənəd (etibarnamə və əmək müqaviləsinin elektron bildirişi).

Qeyd! Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.

Tədqiqat-inkişaf proqram və layihələri

İxracyönümlü yeni məhsulun və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsi, habelə mövcud məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılması məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bu dəstək tədbirinə görə ödənilən məbləğ çəkilən xərclərin 50%-ni (1 layihə üzrə maksimum 100 000 AZN) təşkil edir. 1 il ərzində 10 tədqiqat-inkişaf proqramı keçirilə bilər.

Tədqiqat-inkişaf proqramları ixracatçıların sifarişləri əsasında müsabiqə nəticəsində seçilmiş ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.

Ixracatçıların seçimi ilə bağlı müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

İxracatçıların sifarişləri aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

  • ixracatçının istehsal və ixrac potensialı;
  • yeni məhsul və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsinin ixracatçının istehsal və ixrac potensialının artırılmasına müsbət təsiri;
  • tədqiqat-inkişaf proqramının məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılmasına müsbət təsiri;

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur və tədqiqat-inkişaf proqramı həyata keçirilir.