İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Xüsusi təşkilati iqtisadi modellər

Xüsusi İqtisadi Zonalar

Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ).

XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.

Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq XİZ fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir.

Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılıması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi məqsədilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində mühüm işlər görülmüşdür. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilmiş, təhlillər aparılmış və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli Qanunu qüvvəyə minmiş və bu qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərman imzalanmışdır. Fərmanda ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

Bu istiqamətdə 2010-cu ildə də işlər davam etdirilmişdir. Belə ki, "Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası", "Operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim olunma Qaydası", "Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması", "Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması", "Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması hazırlanmış və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

"Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası"na əsasən, XİZ-in rezidentləri və operatoru maliyyə ili başa çatdıqdan sonra növbəti ayın 20-dək fəaliyyətləri haqqında hesabat-statistik məlumatları XİZ-in administrasiyasına təqdim etməlidirlər.

"Operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim olunma Qaydası"na görə, operator XİZ-in operatorunun illik balansını, maliyyə nəticələri və onların istifadəsinə dair hesabatları qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə XİZ-in administrasiyasına təqdim etməlidir.

"Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması" niyyət sazişinin əməkdaşlıq istiqamətləri və əməkdaşlıq formaları, "Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması" isə sazişin qüvvəyə minməsi və müddətini, mübahisələrin həlli kimi məsələləri özündə əks etdirir.

"Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması" və "Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması" icarə haqqı, icarəyə verən və icarəçinin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti kimi məsələləri tənzimləyir.

Bundan başqa, Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli Qərarı ilə "Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli Fərmanı ilə isə "Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydaları" təsdiqlənmişdir.
Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda XİZ-lərin təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, iri istehsalat obyektlərinin fəaliyyəti üçün zəruri tranzit xidmətlərinin təşkil olunması və digər əlaqəli xidmətlərin inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması baxımından Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq, xüsusi iqtisadi zonaların yaradılması üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri bilinmiş, Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncam imzalanmışdır. İqtisadiyyat nazirinin 2016-cı il 24 may tarixli F-59 nömrəli əmri ilə yuxarıda qeyd olunan Sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi ilə bağlı müvafiq işçi qrupu yaradılmışdır. Sərəncamdan irəli gələn məsələlərin icrası məqsədilə bu istiqamətdə müvafiq işlərin görülməsi davam etdirilir.

 

Sənaye parkları

Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həm də ölkənin qeyri neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Ölkədə sənaye parklarının yaradılması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər bir sıra dövlət sənədlərində və proqramlarında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli, 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli, 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015 - 2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapmışdır.

Ötən dövrdə sənaye parklarının yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, beynəlxalq təcrübə öyrənilmiş və müvafiq normativ-hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli, 865 nömrəli Fərmanı ilə dövlət tərəfindən sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” (bundan sonra - Nümunəvi Əsasnamə) təsdiq edilmişdir. Nümunəvi Əsasnamədə müəyyən edilmişdir ki, sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:

- innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;

- iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;

- ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;

- əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

 

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

- vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;

- sənaye parkının infrastrukturla təmin edilməsi;

- torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;

- güzəştli kreditlərin verilməsi;

- inzibati prosedurların sadələşdirilməsi;

- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;

- istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Hazırda ölkədə aşağıda adları qeyd olunan 5 sənaye parkı fəaliyyət göstərir:

- Sumqayıt Kimya Sənaye Parkı;

- Balaxanı Sənaye Parkı;

- Mingəçevir Sənaye Parkı;

- Qaradağ Sənaye Parkı;

- Pirallahı Sənaye Parkı.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli, 548 nömrəli Fərmanı ilə Sumqayıt Şəhərində yaradılmışdır. Təməli Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 3 oktyabr 2013-cü il tarixində qoyulan Sumqayıt Kimya Sənaye Parkının ərazisi hazırda 505,64 hektar təşkil edir.

Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 2,8 milyard ABŞ dollarından çox olan 17 müəssisəyə (“Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” MMC, Silisium və Kalsium İstehsalat Müəssisəsi, “MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco Lubricant” MMC, “STDC” MMC, “Azərxalça” ASC, “Sumqayıt Texnologiyalar Parkı” MMC, “Tabaterra” QSC, SOCAR Karbamid Zavodu, “SumPlast” MMC, “Labdisc Azərbaycan” MMC və “Nexus Labs” MMC) rezident statusu verilmişdir. Ətraflı məlumatları www.scip.az internet səhifəsindən əldə etmək olar.

Bununla yanaşı, ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 1947 nömrəli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının ərazisi 7 hektar təşkil edir. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılması nəzərdə tutulmuşdur.

Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir.

Balaxanı Sənaye Parkında isə hazırda 11 rezident qeydiyyatdan keçmişdir. Bunlar “Ekokat” MMC, “Az.Ekol” MMC, Fiziki şəxs - Eminov Etibar Həsən oğlu (“Çapar Poliqraf” MMC), “MET-AK” MMC, “Foriella” MMC, “Bioropean” MMC, “Altura Qrup” MMC, Fərdi sahibkar Əzimov Tərlan Qabil oğlu (“OVEN Azərbaycan”), “Alphapack Azerbaijan” MMC, “Carboza” MMC və “Polymer Net Az Company” MMC-dir. Onlardan 5-i ("Ekokat" MMC, "Az.Ekol." MMC, Fiziki şəxs - Eminov Etibar Həsən oğlu ("Çapar Poliqraf"), "MET-AK" MMC və “Foriella” MMC)artıq istehsalat fəaliyyətinə başlamışlar. Rezidentlər tərəfindən sənaye parkına 32 milyon manatdan çox investisiyanın qoyulması, həmçinin 600 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Ətraflı məlumatları Balaxanı Sənaye Parkının internet səhifəsindən (www.bsp.az) əldə etmək olar.

Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli, 1077 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində yaradılmışdır. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli yüngül sənaye məhsulları istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Təməli Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 21 sentyabr 2016-cı il tarixində qoyulan Mingəçevir Sənaye Parkının ərazisi hazırda 14,8 hektar təşkil edir. Ətraflı məlumatları www.scip.az internet səhifəsindən əldə etmək olar.

Mingəçevir Sənaye Parkın rezidenti kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin I rübündə istifadəyə verilmişdir.

Qaradağ Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli, 1255 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yaradılmışdır. Müəyyən edilmişdir ki, Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir. Hazırda parkın ərazisi 72 hektar təşkil edir.

Qaradağ Sənaye Parkında bir rezident - “Bakı Gəmiqayırma Zavodu” MMC fəaliyyət göstərir. Bakı Gəmiqayırma Zavodunda bugünədək gəmi tikintisi ilə bağlı 10-dək layihə icra edilmiş və 100-dən artıq gəmi təmiri işləri həyata keçirilmişdir. Hazırda zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı və təmiri üzrə müxtəlif layihələr uğurla icra edilir.

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2016-cı il tarixli, 2336 nömrəli Sərəncamına əsasən qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, о cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində yaradılmışdır. Ətraflı məlumatları www.scip.az internet səhifəsindən əldə etmək olar.

Pirallahı Sənaye Parkında 3 rezident - dərman vasitələrinin qablaşdırılması və istehsalı layihələri üzrə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” MMC, Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC və Müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı layihəsi üzrə “Diamed Co” MMC qeydiyyata alınmışdır.

 

Texnologiyalar Parkı

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Müasir istehsal infrastrukturuna malik yüksək texnologiyalar parkının yaradılması ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılmasına, elmi tədqiqatlar aparılmasına və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasına yönəlmişdir. Texnologiyalar parklarının yaradılması, həmçinin ölkənin qeyri neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə əks etdirir. Bu istiqamətdə Azərbaycanda "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, texnologiyalar parkının əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdan ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli 168 nömrəli Fərmanı ilə "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" təsdiq edilmişdir. Texnologiyalar parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

Texnoparkının fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

-texnoparkın fəaliyyəti üçün ayrılmış ərazi istifadəyə yararlı vəziyyətə gətirilir;

-texnoparkın infrastrukturu yaradılır;

-inkubator və texnologiya transferi mərkəzi yaradılır;

-fəaliyyət profilinə uyğun olaraq, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi üçün elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi təşkil edilir.

İqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə Bakı şəhərinin Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Fərmana əsasən, Pirallahı Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC həyata keçirəcəkdir. Pirallahı Yüksək Texnologiyalar Parkının fəaliyyəti üçün Bakı şəhərinın Pirallahı rayonunda 50 hektar torpaq sahəsinin "YT Park" MMC-yə ayrılması nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 481 nömrəli Fərmanı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Fərmana əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini də "YT Park" MMC həyata keçirəcəkdir. Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyəti üçün 1,3 hektar torpaq sahəsi ayrılmışdır.

 

Sənaye məhəllələri

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını genişləndirmək məqsədilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.

Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli, 288 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

Fərmanla müəyyən olunmuşdur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Bu istiqamətdə Azərbaycan İnvestisiya Şirkətinin başlıca vəzifələrindən biri sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturun və biznes şəraitinin yaradılması və sənaye məhəllələrinin sənayeləşmə siyasətinin əsas vasitələrindən birinə çevrilməsindən ibarətdir.

Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2015-ci il tarixli, 186 nömrəli Qərarı ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.

“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi;

güzəştli kreditlərin verilməsi;

inzibati prosedurların sadələşdirilməsi;

sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2015-ci il tarixli, 1011 nömrəli Sərəncamı ilə yaradılmışdır. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 iştirakçı qeydiyyatdan keçmişdir. Təklif olunan layihələrin icrası məqsədilə 45 milyon manatdan çox investisiya qoulmuşdur. Hazırda 225 nəfər işçinin çalışdığı Sənaye Məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra 500-dək işçi çalışacaqdır.

Avtomobil və ehtiyat hissələrinin istehsalı layihəsi ilə bağlı olaraq, “Azevrocar” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İranın “Khodro” şirkəti arasında minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalının həyata keçirilməsinə dair 21 aprel 2016-cı il tarixində Anlaşma Memorandumu imzalanmışdır. Layihənin icrası nəticəsində istehsal olunacaq “Runna”, “Samand”, “Soren”, “SAİPA X200 (TIBA)”, “Tondar SR (Renault)”, “Peugeot”, “Dena” modellərində minik avtomobillərinin ölkə daxilində satılması, həmçinin ixrac olunması nəzərdə tutulur.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli, 2115 nömrəli Sərəncamı ilə Masallı Sənaye Məhəlləsiyaradılmışdır. Müvafiq Sərəncamla verilmiş tapşırıqların icrasına başlanılaraq Sənaye Məhəlləsinin tikinti işləri tam başa çatdırılmışdır.

Masallı Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi (600-a yaxın iş yeri) “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunmuşdur.

İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin icrasına başlanılacaqdır. 229 iş yerinin yaradılacağı bu layihələrdən 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı sahələrini əhatə edir.

Ölkəmizdə sənaye məhəllələrinin yaradılması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi qarşıda duran prioritet vəzifələrdəndir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli, 3127 nömrəli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsiyaradılmışdır. Sənaye Məhəlləsində ümumi dəyəri 44 mln. manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli, 3407 nömrəli Sərəncamı ilə yaradılmış Sabirabad Sənaye Məhəlləsinin təşkili istiqamətində işlər aparılır. Belə ki hazırda Sənaye Məhəlləsinin tikintisi məqsədilə müvafiq layihə - smeta sənədlərinin hazırlanması başa çatdırılmaq üzrədir.